Son dövrlərdə “yağsız” adı ilə təqdim olunan qida məhsulları sağlam seçim kimi qəbul edilsə də, bu yanaşma ciddi risklər yarada bilər. Foodinfo.az bildirir ki, qidalanma üzrə mütəxəssislər bu məhsulların arıqlamaq istəyənlər üçün düşündüyü qədər faydalı olmadığını açıqlayıblar. Araşdırmalara görə, belə məhsullar əksinə çəki artımına və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, istehsalçılar məhsullardan təbii yağları çıxardıqda onların dadını qorumaq üçün əlavə şəkər və nişasta qatırlar. Nəticədə adi qatıq və ya kəsmik sürətlə qana sorulan karbohidrat mənbəyinə çevrilir. Bu isə qanda şəkərin qəfil yüksəlməsinə səbəb olur. Orqanizm bu artımı kompensasiya etmək üçün daha çox insulin ifraz edir və zaman keçdikcə insulinə qarşı həssaslıq azalır. Bu proses isə Tip 2 diabet riskini artıran əsas amillərdən biri hesab olunur.
Digər tərəfdən, sağlam yağların rasiondan tam çıxarılması bədən üçün əlavə problemlər yaradır. Yağlar hormon balansının qorunması, beyin funksiyalarının dəstəklənməsi və uzunmüddətli toxluq hissinin təmin edilməsi üçün vacibdir. Yağsız məhsullarla qidalanan insanlarda tez-tez aclıq hissi yaranır və bu da əlavə kalori qəbuluna səbəb olur. Nəticədə arıqlamaq əvəzinə əks effekt müşahidə edilir.
Mütəxəssislər tövsiyə edir ki, qida seçərkən “yağsız” etiketinə aldanmaq əvəzinə məhsulun tərkibinə diqqət yetirilməlidir. Təbii və balanslı qidalanma, xüsusilə faydalı yağların normada qəbulu sağlam həyat tərzinin əsas şərtlərindən biri hesab olunur.






