Sağlam qidalanma yalnız əsas yeməklərlə deyil, desert seçimi ilə də birbaşa bağlıdır. Foodinfo.az bildirir ki, mütəxəssislər axşam yeməyindən sonra düzgün desertin seçilməsinin həzm sisteminə ciddi təsir etdiyini qeyd edirlər. Dietoloqların fikrincə, bəzi sadə qidalar mədə-bağırsaq problemlərinin qarşısını almaqda mühüm rol oynaya bilər.
Mütəxəssislərin tövsiyəsinə görə, həzm problemi yaşayan şəxslər üçün ən ideal desertlərdən biri darçınla birlikdə bişirilmiş alma hesab olunur. Bu sadə görünən qida əslində mədə-bağırsaq sisteminə kompleks təsir göstərir. Onun əsas üstünlüyü tərkibində yüksək miqdarda pektin maddəsinin olmasıdır. Pektin həzmi yaxşılaşdırır və bağırsaqların fəaliyyətini tənzimləyir.
Dietoloqlar izah edirlər ki, pektin orqanizmdə zərərli bakteriyalar üçün bir növ “tələ” rolunu oynayır. Bu maddə patogen mikroorqanizmləri özünə bağlayaraq onların təbii şəkildə bədəndən xaric olunmasına kömək edir. Nəticədə bağırsaqlar yumşaq şəkildə təmizlənir və həzm prosesi daha stabil hala gəlir. Bu xüsusiyyət xüsusilə şişkinlik, qəbizlik və digər həzm narahatlıqları yaşayan insanlar üçün faydalıdır.
Bundan əlavə, bişirilmiş alma güclü antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur və ümumi sağlamlığı dəstəkləyir. Mütəxəssislər qeyd edir ki, bu desertin müntəzəm istehlakı ürək-damar xəstəliklərinin yaranma riskini də azalda bilər.
Sonda vurğulanır ki, axşam saatlarında ağır və şəkərli şirniyyatlar əvəzinə bu cür təbii və yüngül desertlərə üstünlük vermək həm həzm sisteminin qorunmasına, həm də ümumi sağlamlığın yaxşılaşmasına xidmət edir.






