Zülal insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan əsas qida maddələrindən biridir və onun çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bildirir ki, bir çox insan gündəlik rasionunda kifayət qədər zülal qəbul etmir və bu hal bədənin müxtəlif siqnalları ilə özünü göstərir.

Foodinfo.az Doctorpiter saytına istinadla xəbər verir ki, həkimlər zülal çatışmazlığının ən çox rast gəlinən 5 əlamətini açıqlayıblar. Tanınmış həkim Maykl Mosli qeyd edir ki, gündəlik minimum 60 qram zülal qəbul etmək tövsiyə olunur, lakin bu göstərici fərdi çəkiyə görə dəyişə bilər.

Birinci əlamət daimi aclıq hissidir. Zülal toxluq hissini uzadır və aclıq hormonunun səviyyəsini azaldır. Onun çatışmazlığı isə tez-tez yemək istəyi yaradır. İkinci mühüm siqnal yorğunluq və əhvalın pisləşməsidir. Zülal az olduqda orqanizm daha çox enerji sərf edir və nəticədə halsızlıq yaranır. Eyni zamanda amin turşularının çatışmazlığı əhval hormonlarının balansını poza bilər.

Üçüncü əlamət saçların, dərinin və dırnaqların zəifləməsidir. Bu toxumalar əsasən zülaldan ibarət olduğu üçün çatışmazlıq ilk növbədə onların vəziyyətinə təsir edir. Dördüncü əlamət isə əzələlərin zəifləməsidir. Orqanizm kifayət qədər zülal almadıqda, onu əzələlərdən götürməyə başlayır.

Beşinci əlamət şirniyyata güclü meyildir. Zülal qanda şəkərin səviyyəsini sabit saxlayır. Onun azlığı isə şəkərin sürətlə qalxıb-enməsinə səbəb olur və nəticədə insan tez-tez şirin qidalara üz tutur.

Mütəxəssislər əlavə olaraq bildirir ki, zülal çatışmazlığı bədəndə ödemlərin yaranmasına da səbəb ola bilər. Bu barədə danışan həkim Yekaterina Volkova qeyd edir ki, zülal suyu damarlarda saxlayan əsas amillərdəndir və onun azlığı zamanı maye toxumalara keçərək şişkinlik yaradır.