Finlandiyanın Helsinki Tibb Mərkəzinin nefroloqu doktor Jussi Laine gündəlik maye qəbulunun az olması nəticəsində orqanizmdə ciddi pozuntuların yarana biləcəyini qeyd edib. Foodinfo.az bildirir ki, “Yle Uutiset” telekanalına danışan mütəxəssis bildirib ki, kifayət qədər su içməmək böyrəklərin filtrləmə qabiliyyətini zəiflədir və toksinlərin orqanizmdə toplanmasına səbəb olur.

Laine deyib ki, bəzən insanlar susuzluq siqnalını aclıqla səhv salır və bu da əlavə kalorili qida qəbuluna səbəb olur. Ekspertin sözlərinə görə, aşağı su qəbulu həmçinin maddələr mübadiləsini ləngidir, çünki hüceyrə səviyyəsində enerji dövranı üçün su mühüm rol oynayır.

O qeyd edib ki, xüsusilə səhər yuxudan oyandıqdan sonra su içmək qaraciyər və böyrəkləri aktivləşdirir. Laine böyüklər üçün gündəlik orta su ehtiyacının təxminən 30 ml/kq olduğunu, lakin bu miqdarın iqlimə və fiziki aktivliyə görə dəyişə biləcəyini bildirib. “Əgər sidik rəngi tünddürsə və gündə üç dəfədən az tualetə gedirsinizsə, bu susuzluq əlamətidir,” – deyə mütəxəssis xəbərdarlıq edib. Nefroloq, çay və qəhvənin suyun yerini tam doldurmadığını və saf suyun əsas mənbə kimi qəbul edilməli olduğunu vurğulayıb.