Qış aylarında sağlam qidalanmanı təmin edən məhsullar arasında turşu kələmin xüsusi yeri var. Foodinfo.az xəbər verir ki, “ON Klinika” Tibb Mərkəzinin aparıcı endokrinoloq və dietoloqu Yevgeniya Bayturova bu məhsulu ən faydalı qış tədarüklərindən biri kimi qiymətləndirib.

Mütəxəssisin sözlərinə görə, turşu kələm həm kalori baxımından yüngül, həm də vitamin və minerallarla zəngindir. Onun tərkibində C, K1 və B6 vitaminləri ilə yanaşı, dəmir, natrium, mis və digər mühüm mikroelementlər mövcuddur. Bu maddələr immuniteti möhkəmləndirir, orqanizmi mövsümi xəstəliklərə qarşı qoruyur və maddələr mübadiləsini dəstəkləyir.

Bayturova bildirib ki, kələmin təbii fermentasiya prosesi nəticəsində yaranan faydalı bakteriyalar bağırsaq mikroflorasını bərpa edir və həzm sisteminin işini yaxşılaşdırır. Bu səbəbdən turşu kələm probiotik təsir göstərən ən əlçatan məhsullardan hesab olunur.

Ekspert əlavə edib ki, qış tədarüklərində çox vaxt istifadə olunan sirkə, artıq duz və şəkər orqanizm üçün zərərli ola bilər. Halbuki ənənəvi üsulla, sadəcə duzla hazırlanmış turşu kələm həm dadını, həm də bütün vitaminlərini qoruyub saxlayır.

Həkim sağlam qidalanma rasionuna mütəmadi olaraq turşu kələmin daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu məhsul həm böyüklər, həm də uşaqlar üçün əlverişli və dəyərli qida hesab olunur.