
Qarabaşaq (greçka) son illərdə sağlam qidalanmaya önəm verənlərin rasionunda tez-tez yer alan qidalardan biridir. Qlütensiz olması, yüksək qida dəyəri və faydalı tərkibi ilə xüsusilə sağlamlıq və pəhriz məqsədi ilə istifadə olunur. Qarabaşaqdan hazırlanan sıyıq həm doyurucu, həm də orqanizm üçün bir çox faydalara malikdir.
Foodinfo.az qarabaşaq sıyığının əsas faydalarını təqdim edir:
1. Qarabaşaq bitki mənşəli olmasına baxmayaraq tərkibində insan orqanizminə lazım olan əksər əsas amin turşuları var. Bu xüsusiyyətinə görə vegeterianlar və veganlar üçün əla zülal mənbəyidir.
2. Liflərlə zəngin olduğu üçün qarabaşaq bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik problemini azaldır və bağırsaq mikroflorasının balansını qoruyur.
3. Qarabaşaqın glisemik indeksi aşağıdır. Bu o deməkdir ki, qan şəkərini sürətlə yüksəltmir. Şəkərli diabeti olan insanlar üçün uyğundur.
4. Tərkibindəki maqnezium, kalium və flavonoidlər sayəsində qan təzyiqini tənzimləyir, damarları möhkəmləndirir və xolesterolu azaldır.
5. Qarabaşaq dəmir və fol turşusu ilə zəngindir, bu da qanın tərkibini yaxşılaşdırır və qanazlığının qarşısını almağa kömək edir.
6. Aşağı kalorili və doyurucu olması səbəbindən qarabaşaq sıyığı pəhriz menyularında geniş yer tutur. Uzun müddət toxluq hissi yaradır və qəlyanaltılara ehtiyacı azaldır.
7. Tərkibindəki B qrupu vitaminləri sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stres və yuxusuzluqla mübarizəyə kömək edir.
Mütəmadi və düzgün şəkildə istifadə edildikdə immun sistemini gücləndirir, ürək və sinir sağlamlığını qoruyur, çəkiyə nəzarət etməyə kömək edir. Sağlam həyat tərzinə keçid üçün qarabaşaq sıyığı əla seçimdir.