Məişətdə istifadə olunan su filtrləri düzgün qulluq edilmədikdə sağlamlıq üçün risk mənbəyinə çevrilə bilər. Bu barədə mütəxəssislər vacib xəbərdarlıq edirlər.

Foodinfo.az “Abzas” nəşrinə istinadla xəbər verir ki, ekspertlər filtr elementlərinin vaxtında dəyişdirilməməsinin ciddi problemlərə yol aça biləcəyini bildirir. Onların sözlərinə görə, bir çox insan filtrdən az istifadə etdiyini düşünərək kartuşları gec dəyişir və ya ümumiyyətlə bunu unudur.

Mütəxəssislər vurğulayır ki, istifadə müddəti bitmiş filtr artıq suyu təmizləmir, əksinə, bakteriya və mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitə çevrilir. Bu isə içməli suyun keyfiyyətini aşağı salaraq sağlamlığa zərər verə bilər.

Hətta standartlara uyğun təmiz su belə köhnə filtrdən keçdikdə çirklənə bilər. Filtr daxilində yığılan nəm zamanla mikrobların inkişafına səbəb olur və bu da müxtəlif infeksiya risklərini artırır.

Ekspertlər tövsiyə edir ki, su filtrlərinin istifadə qaydalarına ciddi əməl olunmalı və kartuşlar istehsalçı tərəfindən göstərilən müddətdə dəyişdirilməlidir. Ümumilikdə isə filtrlərin ən azı hər 6 ayda bir yenilənməsi daha təhlükəsiz hesab olunur.