Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) dünyanın ən nüfuzlu işgüzar mükafatı olan “EY İlin İş Adamı” 2022-2023 proqramını dəstəklədi. Bu, yüksək potensiala malik kiçik və orta sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurları nümayiş etdirməklə başqalarını ilhamlandırmaq məqsədinə xidmət edən unikal bir qlobal proqramdır.

16 fevral tarixində EY Azərbaycan şirkəti “EY İlin İş Adamı” mükafatının qalibini elan etdi. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 13 güclü namizəd arasından seçildi. Beləliklə, bu ilki müsabiqənin qalibi “Simbrella” şirkətin baş direktoru və təsisçisi Seymur Məmmədov oldu.
Müsabiqə çərçivəsində “İnnovasiya” nominasiyasında “Pickvisa” şirkətinin təsisçisi Baba Ağayev, “Sosial təsir” nominasiyasında “CinemaPlus” kinoteatrlar şəbəkəsinin idarə heyətinin sədri Zaur Darabzadə, “Regional inkişaf” nominasiyasında isə “Savalan ASPI Winery”nin rəhbəri Fuad Seyidəliyev təltif olundular. 

Azərbaycanda artıq dördüncü ildir ki, bu tanınmış müsabiqə audit və konsaltinq üzrə beynəlxalq liderlərdən biri olan EY (keçmişdə Ernst & Young) şirkəti tərəfindən keçirilir. Bu il Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Beynəlxalq Bankı (ABB) və bp ilə yanaşı bu proqrama maliyyə dəstəyi göstərdi.

Veysəloğlu Şirkətlər Qrupunun biznes fəlsəfəsi bütün maraqlı tərəflər üçün dəyər yaratmaq və insanların sosial-iqtisadi inkişafına töhfə verməkdir.

VŞQ “EY İlin İş Adamı” müsabiqəsini dəstəkləməklə sahibkarlıq ruhunun cəsarətləndirilməsinə və sahibkarları mükafatlandırmaqla icmaların, ölkələrin və ümumiyyətlə, dünyada insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına fayda verəcəyinə ümid edir.