Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Quba rayonu, İkinci Nügədi kəndində fəaliyyət göstərən Ağayev Fuad İlqar oğluna məxsus quş kəsimi müəssisəsində planlı yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisədə müvafiq sahələrin qurulmadığı, döşəmə, divar, tavanın tamlığının pozulduğu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, tullantı qablarının ağzı açıq şəkildə saxlandığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Aşkarlanmış nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub. AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir. [gallery ids="53656,53657,53658,53659"]