Müasir dövrdə aqronomlar kənd təsərrüfatı sektorunun inkişaf sütunu rolunda çıxış edir. Onların fəaliyyəti sayəsində dünyada sağlam qida zəncirinin formalaşması, istehsalat və təchizat işlərinin qaydasında həyata keçirilməsi, həmçinin digər bütün növ fəaliyyətlərin icra olunması təmin olunur. İnsan həyatında qida ehtiyacının mütləq şəkildə qarşılanmasını və bu fonda kənd təsərrüfatı məhsullarının böyük rol oynamasını nəzərə alsaq, aqronomlara olan tələbatın vacibliyini görə bilərik.

Aqronom kimdir?

Aqronom bitkilərin yetişdirilməsi, yeni əkin üsullarının sınaqdan keçirilməsi və kəşfi, torpaq sahələrinin becərilməsi kimi istiqamətlərdə fəaliyyət göstərən kənd təsərrüfatı mütəxəssisidir. Onlar bitkilərin sağlam böyüməsini və yüksək məhsuldarlığını təmin etmək üçün elmi biliklərini təsərrüfatlarda tətbiq edirlər. Aqronomların fermerlərdən əsas fərqi isə onların bütün təsərrüfat fəaliyyətlərini ətraf mühitə və insan sağlamlığına zərər toxundurmadan icra etməyi hədəf götürmələridir. Təbii ki həyata keçirilən bütün işlərin arzuolunan nəticəyə çatmasında aqronomun elmi biliyi, sahə üzrə ixtisaslaşmış təhsili və təcrübəsi mühüm rol oynayır.

Aqronom hansı işləri görür?

Aqronomların fəaliyyət göstərdikləri istiqamətə və şirkətə görə vəzifə öhdəlikləri dəyişə bilər. Ümumilikdə isə sözügedən kənd təsərrüfatı mütəxəssislərinin əsas vəzifələrini aşağıdakı formada qruplaşdırmaq olar:

  • Torpaq analizləri aparmaq;
  • Əkin proqramlarını hazırlamaq;
  • Suvarma sistemlərinin tətbiqini planlaşdırmaq və idarə etmək;
  • Gübrələmə proqramlarını hazırlamaq;
  • Xəstəlik və zərərvericilərlə mübarizə aparmaq;
  • Məhsul yığımını planlaşdırmaq və nəzarət etmək;
  • Fermerlərə tövsiyə vermək;
  • Müntəzəm olaraq ölkə yaxud fəaliyyət göstərilən region üzrə təsərrüfatlara səyahət etmək, problemləri araşdırmaq və mümkün qədər həll yolu təklif etmək.
     

Aqronomun əsas öhdəlikləri nələrdir?

Aqronomlar fəaliyyət göstərdikləri yerlərdən asılı olmayaraq bir çox vəzifə öhdəliklərinə sahib olmalıdır. Daha dəqiq desək, sözügedən təsərrüfat mütəxəssisləri fəaliyyət göstərərkən mütləq şəkildə diqqətdə saxlamalı olduğu bir çox məqamlar vardır. Fermerlərdən fərqli olaraq aqronomlar bitkilərin sağlam yetişdirilməsi və məhsuldarlığın artması mövzusuna daha yaxından bələd olur. Onlar müntəzəm olaraq sahələrdə toxum əkinindən tutmuş bitkinin böyümə mərhələlərinə, meyvə əmələgəlməsinə qədər hər fazada həyata keçiriləcək işləri yaxından izləməli, öz tövsiyələrini fermerlərlə paylaşmalıdır. Bu təsərrüfat sahibinin zəhmətinin bəhrəsini layiqincə götürməyə, həmçinin ölkədə iqtisadiyyatın inkişafına stimul olacaqdır. Eyni zamanda, bitkilərin düzgün formada yetişdirilməsi və tarlalara doğru şəkildə aqrotexniki qulluq göstərilməsi həm insanların sağlam qida ilə təmin olunmasına, həm də ətraf mühitin çirklənməsinin qarşısının alınmasına kömək olur.

Təbii resurslardan səmərəli istifadə etmək barəsində fermerlərin aqronomlar tərəfindən müntəzəm olaraq məlumatlandırılması təsərrüfat işlərini daha da asanlaşdırır, həmçinin təbii mənbələrin qorunmasını təmin edir.

Bundan başqa, aqronomlar ixtisaslaşmış və digər elmi bilikləri sayəsində təsərrüfatlarda tətbiq oluna biləcək texnoloji avadanlıqlar, eləcə də ənənəvi metodlar barəsində bilikli olur. Bu məlumatlar fonunda onlar həm də yeni texnoloji vasitələrin, cihazların, avadanlıqların və metodların tətbiqini də icra etməli, fermerləri bu istiqamətdə yönləndirməlidirlər.

Aqronom hansı özəlliklərə sahib olmalıdır?

Karyerasında irəliyə getmək üçün aqronom aşağıdakı xüsusiyyətlərə sahib olmalıdır:

  • Güclü analitik düşüncə və problem həll etmək bacarıqları;
  • İxtisaslaşmış və yaxın elmlərə dair biliklər;
  • Texnoloji yenilikləri izləmək və tətbiq etmək qabiliyyəti;
  • Ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarıqları;
  • Müxtəlif şəraitlərdə işləmək qabiliyyəti;
  • Bu ixtisas üzrə təhsil almaq (Bu tələb yerdən asılı olaraq dəyişə bilər).


Aqronom olmağın üstünlükləri nələrdir?

İlk olaraq qeyd edək ki, aqronom olmaq üçün hər şeydən öncə bu peşəni dərindən sevmək və gördüyün işlə dərin bağ qurmaq lazımdır. Bitkilər aləminin də canlılara aid olduğunu nəzərə alsaq, görəcəyin işi hiss etmədən icra etmək nəticə əldə olunmasını çətinləşdirir desək, yanılmarıq. Dünyanın əksər nöqtəsində yaşadığın yeri tərk etmədən, yaxud yaşamaq istədiyin bölgədə aqronom olaraq çalışmaq mümkündür. Təbiət həvəskarları üçün isə bu göydəndüşmə təklif ola bilər. Eyni zamanda, savadlı və təcrübəli aqronomlara olan tələbat yüksək olduğu üçün maaş təklifi də yüksək və daim artandır. İşin ən maraqlı tərəfi də budur ki, bu sahə üzrə işləyərək sahibkara çevrilmək də mümkündür. Məhsul yaxud bitki yetişdirilməsinin bütün qayda-qanunlarına yaxından bələd olan bu peşə sahibləri istədikləri məhsulu demək olar ki, bütün növ şəraitlərdə uğurla yetişdirə bilər. 

gubre.az-da pulsuz aqronom məsləhəti xidməti harada var!

Azərbaycanda fermerlər üçün kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşan gubre.az-da pulsuz aqronom məsləhəti xidməti təklif olunur.  Məqsəd ölkəmizdə kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırmaq, həmçinin fermerlərə təsərrüfat işlərində dəstək göstərməkdir. Fermerlər 828 qısa əlaqə nömrəsinə zəng edərərk, həmçinin gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq müraciətlərini ünvanlaya bilər. Eyni zamanda, fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq keyfiyyətli toxum, gübrə və pestisid çeşidlərini əldə edə bilər.

Qeyd etmək lazımdır ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” tərəfindən yeni istifadəyə verilən “Agrohub” mobil tətbiqi də fermerlərin aqronom məsləhəti xidmətindən yararlanmasını təmin edir. Fermerlər tətbiqdə qeydiyyatdan keçərək onları maraqlandıran sualları, problemləri paylaşa, cavab tapa, müvafiq mütəxəssis dəstəyindən yararlana bilər. Aqronomların da öz növbəsində mobil tətbiqdə tövsiyələrini paylaşmaq və fermerlərlə birbaşa əlaqə qurmaq imkanı mövcuddur.