"Dasypeltis gansi" adlı yumurta yeyən Afrika ilanı növünün ən "acgöz" nümayəndəsi elan olunub. O, birdəfəyə öz çəkisindən 4-5 dəfə ağır olan ovunu yeyir.

 Foodinfo.az xəbər verir ki, ABŞ-ın Sinsinnati Universitetinin alimləri bu nəticəyə gəliblər, onların araşdırması isə "Journal of Zoology" jurnalında dərc olunub.

İlanın uzunluğu cəmi bir metr olur, lakin o, yumurtanın qabığını qırmadan, bütöv şəkildə asanlıqla uda bilir.

Başı kiçik olsa da, sümükləri çox hərəkətli və çevikdir. Buna görə də ilan ağzını digər sürünənlərə nisbətən dörd dəfə daha geniş aça bilir.

Zooloqların fikrincə, bütün bunlar ətraf mühitə uyğunlaşma ehtiyacından irəli gəlir. İlan kifayət qədər böyük yumurtalarla qidalanmağı sevir, ona görə də ağzını yaxşı aça bilməlidir. Lakin növün digər nümayəndələri, yumurta yeyənlərdən fərqli olaraq, uzunsov heyvanlarla qidalanırlar, ona görə də xüsusi inkişaf etmiş bir çənəyə ehtiyac duymurlar.