Yüksək qan təzyiqinin yaranmasında yalnız çəki, stress və böyrək xəstəlikləri deyil, yuxu pozuntuları da mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, Geteborq Universitetinin tədqiqatçıları aşkar ediblər ki, yuxu apnoesi ilə xroniki yuxusuzluğun eyni vaxtda olması ən güclü hipertenziya risk faktorudur. Nəticələr Annals of the American Thoracic Society jurnalında dərc olunub.

Yuxu apnoesi gecə boyunca nəfəsin qısamüddətli dayanması və oksigen çatışmazlığı ilə müşayiət olunur. Xroniki yuxusuzluq isə yatmaqda çətinlik, tez-tez oyanma və ya səhər erkən oyanma ilə özünü göstərir. Tədqiqatda orta yaşlı 4 min nəfərə yaxın iştirakçı iştirak edib. Onlar yuxu vəziyyətinə görə dörd qrupa bölünüb: sağlam yuxu, yalnız yuxusuzluq, yalnız apnoe və hər iki pozuntu.

Nəticələr göstərib ki, yalnız yuxusuzluğu olanlarda yüksək təzyiq 4,5%, yalnız apnoesi olanlarda 7,9%, hər iki pozuntusu olanlarda isə 10,2% təşkil edib. Bu, yuxu keyfiyyətinin ürək-damar sağlamlığında kritik rol oynadığını göstərir.

Tədqiqatın müəllifi Din Zou qeyd edib ki, apnoesi və yuxusuzluğu olan xəstələr üçün sadəcə nəfəs maskası kifayət etmir. Sağlam yuxu vərdişlərinin formalaşdırılması və ya kognitiv-behavior terapiya riskin azaldılmasında vacib ola bilər. Alimlər vurğulayırlar ki, keyfiyyətli yuxu beynin, ürəyin və damarların qorunması üçün beynəlxalq tövsiyələrdə əsas yerlərdən birini tutur.