
Sağlam və uzun ömür hər bir insanın arzusudur. Bu məqsədə çatmaq üçün düzgün qidalanma həyati əhəmiyyət daşıyır. Bəzi qidalar var ki, onlar sağlamlığa davamlı zərər verdiyi üçün uzun ömür istəyən insanların mətbəxində yer almamalıdır.
Foodinfo.az bu qidaları təqdim edir:
1. Rəf ömrü uzun olan sənaye şirniyyatları (hazır peçenye, keks, bulkalar)
Bu məhsulların tərkibində trans yağlar, süni aromatizatorlar və konservantlar, aşırı miqdarda şəkər mövcuddur.
Trans yağlar damarların tıxanmasına, infarkt və insult riskinin artmasına səbəb olur. Aşırı şəkər qəbulu isə insulin müqaviməti, diabet və piylənmə ilə nəticələnir. Bu cür məhsulların tez-tez istifadəsi həm ürək-damar sistemini zəiflədir, həm də ömrü qısalda bilər.
2. Qazlı, şəkərli içkilər (kolalar, enerji içkiləri və s.)
Bu içkilər orqanizm üçün “boş kalori” mənbəyidir. Onlar nə toxluq hissi yaradır, nə də faydalı qida maddələri ilə zəngindir. Tərkibindəki yüksək fruktozlu qarğıdalı siropu, süni rəngləndiricilər, fosfor turşusu sümük sağlamlığına, qaraciyərə və böyrəklərə zərər verə bilər. Bundan əlavə, qazlı içkilər diş minasını zədələyir və orqanizmdə iltihab proseslərini artırır.
3. Emal olunmuş ət məhsulları (sosiska, kolbasa, və s.)
Bu məhsulların mütəmadi istifadəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən xərçəng riski daşıyan amillərdən biri kimi qəbul edilib. Onların tərkibində nitrat və nitritlər (konservant kimi istifadə olunur), çoxlu duz, zərərli qatqılar mədə-bağırsaq traktına, xüsusilə də yoğun bağırsağa mənfi təsir göstərir. Həmçinin, yüksək təzyiq və böyrək problemlərinin yaranmasına zəmin yaradır.
4. Bitki yağı adı altında satılan hidrogenləşdirilmiş yağlar (margarin və s.)
Bu növ yağlar ucuz və uzunömürlü olsa da, sağlamlıq üçün ciddi təhlükə yaradır. Onlar xolesterolu artırır, damarların elastikliyini azaldır, iltihabi prosesləri gücləndirir.
Bu yağların tərkibindəki trans yağlar ürək xəstəliklərinin əsas səbəblərindən biridir və həmçinin beyin funksiyalarını zəiflədə bilər.
Sağlam və uzun ömür yalnız idmanla və dərmanlarla yox, ilk növbədə nə yeyib-yemədiyinizlə bağlıdır. Yuxarıda sadalanan 4 qidanı evinizdən uzaq tutmaqla siz ürək-damar sağlamlığınızı qoruyar, xərçəng və diabet riskini azaldar, enerji səviyyənizi və həyat keyfiyyətinizi artıra bilərsiniz.
Unutmayın: Evinizə daxil etmədiyiniz hər zərərli məhsul, gələcəyinizə qoyulan sağlamlıq sərmayəsidir.