Turşəng həm dadı, həm də sağlamlığa faydaları ilə qidalanma rasionunda xüsusi yer tutmalıdır. Tərkibindəki C və A vitaminləri, dəmir, maqnezium və antioksidant maddələr sayəsində bu bitki bədəni möhkəmləndirir və xəstəliklərə qarşı qoruyur.

Foodinfo.az xəbər verir ki, turşəngin ən önəmli xüsusiyyətlərindən biri onun bədəni toksinlərdən təmizləməsi və böyrəklərin fəaliyyətini dəstəkləməsidir. Sidikqovucu təsiri sayəsində orqanizmdə artıq duz və mayeni azaldır, eyni zamanda qan dövranını yaxşılaşdırır.

Qidalanma mütəxəssisləri bildirirlər ki, turşəngin müntəzəm istehlakı immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və həzm prosesini asanlaşdırır. Onun tərkibindəki lif bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını alır.

Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, turşəngin tərkibində olan oksalat turşusu böyrək daşı problemi yaşayan şəxslər üçün zərərli ola bilər.

Turşəngi mövsümündə təzə halda yeməklərə və salatlara əlavə etmək həm orqanizmi təmizləməyə, həm də xəstəliklərə qarşı təbii müdafiə yaratmağa kömək edir.