Son illər bir çox insan aralıqlı aclıq (intervallı pəhriz) vasitəsilə artıq çəkidən qurtulmağa və sağlamlığını yaxşılaşdırmağa çalışır. Lakin Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, alman alimlərinin yeni araşdırması bu üsulun bəzi ciddi çatışmazlıqlarını üzə çıxarıb.

Alimlər müəyyən ediblər ki, kalorilərin miqdarı azaldılmadan yalnız yemək vaxtının məhdudlaşdırılması ürək-damar sağlamlığını və qanda qlükoza səviyyəsini yaxşılaşdırmır. Bu nəticəyə Almaniyanın Potsdam-Rebrük şəhərindəki İnsan Qidalanması İnstitutunun mütəxəssisləri gəliblər. Araşdırmanın nəticələri Science Translational Medicine jurnalında dərc olunub.

Tədqiqatda artıq çəki və piylənmədən əziyyət çəkən 31 qadın iştirak edib. Onlar iki həftə ərzində aralıqlı aclıq rejiminə əməl ediblər. Birinci qrup yeməyi yalnız səhər saat 8-dən axşam 4-ə qədər, ikinci qrup isə günorta 1-dən axşam 9-a qədər qəbul edib. Hər iki qrupun gündəlik menyusundakı kalorilərin miqdarı və qidaların tərkibi eyni olub.

Mütəxəssislər təcrübə müddətində iştirakçılardan qan nümunələri götürüb, həmçinin qlükoza dözümlülüyü testi aparıblar. Nəticədə, aralıqlı aclığın insulinə həssaslıq, qanda şəkərin miqdarı, yağ səviyyəsi və iltihab göstəricilərinə əhəmiyyətli təsir göstərmədiyi məlum olub.

Tədqiqat həmçinin göstərib ki, bu pəhriz ürək-damar sisteminin vəziyyətinə də nəzərəçarpacaq fayda vermir.

Araşdırmanın həmmüəllifi, professor Olqa Ramiç qeyd edib ki, əvvəlki illərdə aralıqlı aclığın faydalı təsirinin müşahidə olunması çox güman ki, kalorilərin təsadüfi şəkildə azalması ilə əlaqədardır:

“Yəni məsələ yeməyin vaxtında deyil, qəbul edilən qidaların miqdarındadır. Arıqlamaq və ya maddələr mübadiləsini yaxşılaşdırmaq istəyənlər yemək saatı ilə yanaşı, rasionun enerji dəyərinə də diqqət yetirməlidirlər,” — deyə alim vurğulayıb.

Beləliklə, mütəxəssislər bildirirlər ki, aralıqlı aclıq düzgün tərtib olunmadıqda orqanizmə gözlənilən faydanı verməyə bilər və sağlamlıq üçün zəruri olan balanslaşdırılmış qidalanmanın əvəzini tuta bilməz.