Göbələk mövsümündə zəhərlənmə halları artır və mütəxəssislər bildirir ki, yanlış addımlar ağır fəsadlara səbəb ola bilər. Xüsusilə yabanı göbələkləri tanımadan istehlak etmək həyati təhlükə yaradır.

Əlamətlər adətən 30 dəqiqə – 6 saat arasında üzə çıxır və ürəkbulanma, qusma, qarın ağrısı, ishal, başgicəllənmə, tərləmə kimi simptomlarla özünü göstərir. 

Bəzi zəhərli növlərdə isə əlamətlər gec – 12-24 saat sonra da ortaya çıxa bilər ki, bu da vəziyyəti daha da təhlükəli edir.

Göbələk zəhərlənməsi zamanı ilk yardımın düzgün aparılması həyati əhəmiyyət daşıyır.

Bəs, zəhərlənmə zamanı nə etməli?

– Dərhal təcili yardıma müraciət etmək lazımdır. Hər dəqiqə vacibdir.

– Qusdurmağa çalışmayın. Bu, bəzi hallarda vəziyyəti ağırlaşdıra bilər.

– Zəhərlənməyə səbəb olan göbələyin qalıqlarını saxlayın. Həkimlər üçün növün müəyyənləşdirilməsi müalicəni sürətləndirir.

– Bol maye qəbul edin. Amma dərman qəbul etmədən.

– Xəstəni isti və rahat vəziyyətdə saxlayın.

– Heç bir xalq təbabəti üsulu tətbiq etməyin. Göbələk toksinlərinə qarşı ev vasitələrinin heç bir təsiri yoxdur.

Yalnız tanınmış, etibarlı mənbədən əldə edilmiş göbələklər istehlak edilməli və meşədə tapılan göbələklərdən tam uzaq durulmalıdır. Göbələk zəhərlənməsi vaxtında müdaxilə olunmadıqda qaraciyər çatışmazlığı, sinir sistemi zədələnməsi və ölüm kimi ağır nəticələrə səbəb ola bilir.