Mayın 15-də bütün dünya Beynəlxalq İqlim Gününü qeyd edir.

Foodinfo.az xəbər verir ki, bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlb edilməsindən ibarətdir.

İqlimin dəyişmələri bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. Qlobal istiləşmə, təbii fəlakətlər, planetdə dəyişən hava şəraiti - bütün bunlar Yer kürəsinin iqliminin pisləşməsinə gətirib çıxarır və nəticədə insanların qida və həyat təhlükəsizliyi, təbii ehtiyatların vəziyyəti və dövlətlərin tarazlı inkişafına mənfi təsir göstərir.

Təkcə son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin surətdə sürətlənib və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) Ekspertlər Qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması əsasən antropogen amillərlə bağlıdır.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin hesablamalarına görə, istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə Selsi yüksələ bilər.

Planetdə geridönməz iqlim dəyişikliyinə səbəb olan əsas problemlər sırasında atmosferdə istixana qazlarının konsentrasiyasının artmasıdır. İlk dəfə həmin fenomen dünya səviyyəsində 1992-ci ildə - Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit və inkişaf məsələlərinə həsr edilmiş “Yer kürəsi sammiti” konfransında müzakirə edildi. Dünyanın 180-dən çox ölkəsinin, o cümlədən keçmiş SSRİ ölkələri nümayəndələri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (FCCC) imzaladılar. Həmin saziş atmosferdə istixana qazlarının Yer kürəsinin iqlim sistemini qlobal antropogen təsirlə təhdid etməyən səviyyədə sabitləşdirməyə yönəlmiş dövlətlərin fəaliyyətlərinin ümumi prinsiplərini müəyyən etdi.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən öhdəlikləri müəyyən edir.

Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdü. 2021-ci ilin noyabrında Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan qlobal səylərə öz töhfəsini vermək məqsədilə yeni hədəflə çıxış edərək 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb.

Paris Sazişi üzrə götürülmüş öhdəliklər könüllü xarakter daşıyır. Tullantıların sektorlar üzrə bölgüsünə gəldikdə istilik effekti yaradan qaz tullantılarının əksəriyyəti energetika sektorunun payına düşür (qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən nəqliyyat da energetika sektoruna daxildir).

İstilik effekti yaradan qazların qlobal emissiyalarında Azərbaycanın payı 0,15 faiz təşkil edir.

Beynəlxalq ictimaiyyət hər il 15 May - Beynəlxalq İqlim Gününü qeyd edərkən iqlim dəyişmələri üzrə beynəlxalq ekspertlər tərəfindən dünya ölkələrinə müxtəlif çağırışlar edilir. Əsas məqsəd ondan ibarətdir ki, alternativ enerji mənbələrindən istifadə ilə istilik effekti yaradan qazların emissiyalarının azaldılması, habelə iqlim dəyişmələrinə qarşı effektiv uyğunlaşma tədbirlərinin genişləndirilməsi istiqamətində istər lokal, istərsə də qlobal səviyyədə ölkələrarası əməkdaşlıq əlaqələri təcili genişləndirilməlidir.

Yerin iqliminin qorunması planetin hər bir planet sakinindən asılıdır. Buna töhfə vermək o qədər də çətin deyil. Buna avtomobildən daha az istifadə etməklə, mənzillərdə enerjiyə qənaət edən işıqlandırma mənbələrinə üstünlük verməklə, ağacəkmədə aksiyalarında və yaşıllıqların mühafizə tədbirlərində aktiv iştirak etməklə də nail oluna bilər. Bütün bunlar kənardan çox kiçik bir iş kimi görünə bilər. Lakin planetin əhalisinin çoxaldığı bir dönəmdə həmin kiçik fəaliyyətlər böyük əhəmiyyət kəsb edir.