
İtaliyanın Milan Stomatoloji Universitetinin mütəxəssisi doktor Laura Benatti bəzi insanların səhərlər isti və ya çox ilıq su içmə vərdişinin diş minasına zərər verə biləcəyini açıqlayıb. Foodinfo.az bildirir ki,“Corriere della Sera”ya danışan həkim bildirib ki, 45 dərəcədən yuxarı temperaturda içilən su diş minasını zəiflədir və həssaslığı artırır.
Onun sözlərinə görə, ilıq su uzunmüddətli istifadə zamanı mina qatını incəldir və diş köklərini açıq vəziyyətə gətirə bilər. Benattiyə görə, diş sağlamlığı baxımından ən ideal su temperaturu 20-30 dərəcə arasındadır. O əlavə edib ki, isti suya limon əlavə edilməsi bu zərəri daha da artırır, çünki turşuluq mina qatını deşici təsirlə dağıda bilir.
Həkim səhər su içmə vərdişinin faydalı olduğunu qəbul etsə də, suyun istiliyinə ciddi nəzarət edilməsini tövsiyə edib. “Bəzi hallarda pasiyentlərimiz diş eroziyasının səbəbini bilmirlər, amma səbəb sadə bir içmə vərdişi ola bilər,” – deyə o bildirib. Benatti, diş baxımı ilə qidalanma vərdişləri arasındakı əlaqənin hələ də lazımi qədər dərk olunmadığını da vurğulayıb.