Niderlandın Amsterdam Tibb Mərkəzinin immunoloqları apardıqları tədqiqat nəticəsində soyuq duşun orqanizmin müqavimətini artırdığını müəyyən ediblər. Foodinfo.az bildirir ki, “Netherlands Journal of Medicine”də dərc olunan elmi araşdırmaya görə, hər gün 30-60 saniyəlik soyuq su duşu ağ qan hüceyrələrinin aktivliyini artırır.

Araşdırmaya rəhbərlik edən doktor Rutger Bos qeyd edib ki, bu vərdiş viruslara qarşı müqaviməti gücləndirir və bədəndəki iltihabi markerləri azaldır. Tədqiqatda 300 nəfər könüllü iştirak edib və onların 3 ay ərzində soyuq duş rejimi izlənilib. Nəticədə iştirakçılarda daha az soyuqdəymə, halsızlıq və stress halları müşahidə olunub. Bos bildirib ki, soyuq duş həm də sinir sisteminə tonus verərək zehni oyanıqlığı artırır.

Mütəxəssis onu da əlavə edib ki, hipertoniya və ürək xəstəliyi olan şəxslər bu vərdişi həkimlə məsləhətləşmədən tətbiq etməməlidir. “Soyuq su ilə duş sadə görünsə də, fizioloji təsiri çox qatlıdır,” – deyə o vurğulayıb. İmmunitetin təbii yollarla dəstəklənməsi üçün bu metod tövsiyə edilir.