Mütəxəssislərin fikrincə, bəzi pizza növləri mədədə narahatlıq və həzm problemlərinə səbəb ola bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux xüsusilə çoxlu sous, hisə verilmiş məhsullar və acı əlavələr olan pizzaların mədəyə daha ağır təsir göstərdiyini bildirib.
Onun sözlərinə görə, əslində qəti şəkildə təhlükəli sayılan yalnız xarab pizzadır. Digər hallarda isə hər şey insanın həzm sistemi və mədə-bağırsaq traktının vəziyyətindən asılıdır. Bəzi insanlar acı yeməklərə qarşı daha həssas olur, digərləri isə müxtəlif souslarla hazırlanan pizzadan sonra ağırlıq və mədə yanması hiss edə bilər.
Həkim qeyd edib ki, sousların tərkibində tez-tez emulqatorlar, fosfatlar və çətin həzm olunan yağlar olur. Bu maddələr mədənin selikli qişasını qıcıqlandıra, həmçinin mədə turşusunun həddindən artıq ifrazına səbəb ola bilər.
Mütəxəssis əlavə edib ki, kolbasa, bekon və digər hisə verilmiş məhsullarla zəngin ət pizzaları həssas həzm sistemi olan insanlarda dispepsiya — yəni mədə və bağırsaqlarda narahatlıq yarada bilər. Bu zaman qarında ağırlıq və yanma hissi müşahidə olunur.
Bundan başqa, turş tomat sousları və marinadlar reflüksə meyilli insanlarda mədə yanmasını gücləndirə bilər. Həkimin sözlərinə görə, yağlı və acı qidalar bəzi hallarda ishala da səbəb ola bilər.






