Zülal əzələ kütləsinin artırılması üçün əsas qida maddələrindən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu prosesdə təkcə zülalın miqdarı deyil, onun mənbəyi də mühüm rol oynayır.
Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, qidalanma üzrə ekspertlər Health nəşrinə açıqlamalarında əzələlərin böyüməsi və məşqdən sonra bərpası üçün hansı zülalların daha effektiv olduğunu izah ediblər.
Mütəxəssislərin sözlərinə görə, heyvani mənşəli zülallar — ət, balıq, yumurta, süd məhsulları, zərdab (whey) və kazein — əzələ inkişafı üçün ən “tam” zülallar sayılır. Bunun əsas səbəbi onların bütün əvəzolunmaz amin turşularını, xüsusilə də əzələ zülalının sintezini stimullaşdıran lösini ehtiva etməsidir.
Qeyd olunur ki, zərdab zülalı məşqdən sonra daha çox tövsiyə edilir. Çünki bu zülal sürətlə mənimsənilir və bədənin daha tez bərpa olunmasına kömək edir.
Ekspertlər bildirirlər ki, bitki mənşəli zülallar — paxlalılar, qoz-fındıq, toxumlar, qəhvəyi düyü və yulaf — adətən natamam zülallar hesab olunur. Onların tərkibində bəzi əvəzolunmaz amin turşuları az ola bilər və lösin miqdarı heyvani zülallarla müqayisədə aşağıdır.
Bununla belə, mütəxəssislər vurğulayır ki, düzgün yanaşma ilə bitki zülalları da əzələ artımını dəstəkləyə bilər. Müxtəlif bitki zülallarının birgə istifadəsi və ya hazır bitki zülalı qarışıqları amin turşularının tam balansını təmin edə bilər.
Kineziologiya üzrə professor Stüart Fillipsin sözlərinə görə, bitki zülalları əzələlərin böyüməsinə kömək etsə də, heyvani zülallarla eyni effekti əldə etmək üçün daha böyük porsiyalar və ya fərqli mənbələrin kombinasiyası tələb oluna bilər. Bu baxımdan soya, kinoa, çia və çətənə toxumlarının birlikdə istifadəsi daha effektiv hesab edilir.
Mütəxəssislər bildirirlər ki, zülal təkcə əzələlərin böyüməsi üçün deyil, həm də onların qorunması, məşqdən sonra bərpası və yaşla bağlı əzələ itkısinin qarşısının alınması üçün vacibdir. Dietoloq Cessika G. Andersonun sözlərinə görə, əzələ zülalının sintezi fiziki yüklənməyə adaptasiyanı gücləndirir və bədənin sağlam əzələ kütləsini saxlamasına kömək edir.
Sonda ekspertlər vurğulayırlar ki, gündəlik rasionda zülalın ümumi miqdarı onun mənbəyindən daha vacibdir. Bununla yanaşı, heyvani mənşəli tam zülallar orqanizmin əzələ quruculuğu üçün ehtiyaclarını daha asan qarşılayır. Vegeterian və ya vegan qidalanmaya üstünlük verən şəxslər isə bitki zülallarının düzgün kombinasiyasına və miqdarına xüsusi diqqət yetirməlidirlər.






