Gündə cəmi bir stəkan təzə sıxılmış portağal suyu sağlamlıq üçün gözləniləndən daha böyük təsir göstərir. Bu təbii içki bədənin bir çox funksiyasını dəstəkləyir.
Foodinfo.az xəbər verir ki, portağal suyu yüksək miqdarda C vitamini ehtiva etdiyi üçün immun sistemini gücləndirir və bədəni virus və infeksiyalara qarşı daha davamlı edir. Xüsusilə soyuq mövsümlərdə bu içkinin faydası daha qabarıq görünür.
Bu meyvənin suyundakı antioksidantlar dərinin sağlam qalmasına kömək edir, erkən yaşlanmanı ləngidir və dərini daha canlı göstərir.
Eyni zamanda, tərkibindəki kalium ürək-damar sistemini dəstəkləyir və qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Portağal suyu dəmirin bədəndə daha yaxşı sorulmasına kömək edir. Bu səbəbdən anemiyası olan insanlara yeməklə birlikdə az miqdarda portağal suyu içmək tövsiyə olunur.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, portağal suyu hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Şəkərli diabeti, mədə reflüksu və ya həssas mədəsi olan şəxslərin bu içkini ölçülü şəkildə qəbul etməsi məsləhət görülür.
Şəkər əlavə edilməmiş, təzə sıxılmış bir stəkan portağal suyu gündəlik rasionda sağlam və faydalı seçimdir, lakin həddindən artıq istehlak tövsiyə edilmir.






