Qara şokoladın təkcə desert deyil, həm də faydalı qida olduğu bildirilir. Son araşdırmalar onun ürək və damar sağlamlığına müsbət təsir göstərə biləcəyini ortaya çıxarıb.

Foodinfo.az “Medical News Today” saytına istinadla xəbər verir ki, kakaonun tərkibində olan flavonoidlər qan dövranının yaxşılaşmasına kömək edə bilər. Alimlər bildirirlər ki, yüksək kakao tərkibli qara şokolad antioksidant baxımından zəngin məhsullardan hesab olunur.

Britaniyalı qidalanma mütəxəssisi Sarah Brewer qeyd edib ki, ölçülü miqdarda qara şokolad istehlakı stress hormonlarının azalmasına da təsir göstərə bilər. Onun sözlərinə görə, kakao beyində xoşbəxtlik hissi yaradan maddələrin ifrazını stimullaşdırır.

Araşdırmalar göstərir ki, gündə kiçik porsiyada qara şokolad qəbul edən insanlarda ürək-damar problemləri riski daha aşağı ola bilər. Bununla belə, mütəxəssislər şəkər və yağ miqdarına görə normadan artıq istifadənin məsləhət görülmədiyini vurğulayırlar.

Dietoloqlar ən azı 70 faiz kakao tərkibli məhsullara üstünlük verilməsini tövsiyə edirlər.