Soyuducuda turşumağa başlayan südü çoxları istifadəyə yararsız hesab edib atır. Halbuki təbii şəkildə turşumuş süd bir çox dadlı yeməklərin hazırlanması üçün uyğun məhsul sayılır.

Foodinfo.az xəbər verir ki, mütəxəssislər yalnız təbii şəkildə turşuyan südün istifadə edilməsini tövsiyə edirlər. Əgər südün qoxusu kəskin dəyişibsə, acıdırsa və ya rəngi fərqlidirsə, onu istifadə etmək olmaz.

Turşumuş süddən ən çox hazırlanan yeməklərdən biri blinçikdir. Bu süd xəmirin daha yumşaq və məsaməli alınmasına kömək edir. Mütəxəssislər bildirirlər ki, turşuluq soda ilə reaksiyaya girdiyi üçün blinçik daha nazik və elastik olur.

Bu məhsuldan həmçinin qalın və yumşaq oladi hazırlamaq da mümkündür. Düzgün qatılıqda hazırlanan xəmir sayəsində oladilər soyuduqdan sonra da yumşaqlığını saxlayır.

Turşumuş süd ev şəraitində kəsmik hazırlamaq üçün də istifadə olunur. Süd zəif odda qızdırıldıqda kəsmik hissəsi zərdabdan ayrılır. Hazır kəsmikdən isə sirnik, piroq və digər yeməklər hazırlamaq mümkündür.

Mətbəx ustaları bildirirlər ki, alma ilə hazırlanan piroq və müxtəlif biskvitlərdə də turşumuş süd yaxşı nəticə verir. Bu məhsul bişmiş xəmirin daha yumşaq və nəm qalmasına kömək edir.

Bundan başqa, turşumuş süddən mayasız ev çörəyi də hazırlanır. Soda ilə birlikdə istifadə olunduqda çörəyin içi yumşaq, üst hissəsi isə xırtıldayan alınır.