Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün qidalanmaya xüsusi diqqət yetirmək vacib sayılır. Həkimlər bəzi məhsulların damarlara və ürəyə ciddi zərər verə biləcəyini bildirirlər.

Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, tibb elmləri doktoru, professor Mixail Koryakin ürək üçün ən təhlükəli qidaların siyahısını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, kərə yağı və mal piyində olan doymuş yağlar damarların zədələnməsinə səbəb olur. Həkim bu məhsulların əvəzinə zeytun, avokado və ya raps yağından istifadə etməyi tövsiyə edib.

Professor bildirib ki, mal, donuz və quzu əti kimi qırmızı ətlər də ürək xəstəlikləri riskini artırır. Onun sözlərinə görə, bu məhsulları lobya, mərci, balıq və dəniz məhsulları ilə əvəz etmək daha faydalıdır.

Kardioloq duz və natriumla zəngin məhsulların da damarlar üçün əsas təhlükələrdən biri olduğunu vurğulayıb. Bildirilib ki, insanların qəbul etdiyi natriumun böyük hissəsi çörək məhsulları, pendir, yarımfabrikat və konservlərdən gəlir.

Şəkərli içkilər və artıq şəkər istifadəsinin də ürək-damar sisteminə mənfi təsir etdiyi qeyd olunub. Həkim yüksək qanda şəkər səviyyəsinin damarlara ciddi zərər verdiyini bildirib.

Mütəxəssis alkoqollu içkilərin də ürək ritmini poza, təzyiqi yüksəldə və insult riskini artıra biləcəyini diqqətə çatdırıb.