Küftə bir çox ailələrin süfrəsində tez-tez hazırlanan sevilən yeməklərdən biridir. Lakin hər zaman onun yumşaq, şirəli və tam dadında alınması mümkün olmur. Kiçik detallara diqqət yetirmək isə nəticəni tamamilə dəyişə bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dadlı küftənin əsas sirrlərindən biri düzgün ət seçimidir. Mütəxəssislərin fikrincə, qiymənin tərkibində müəyyən qədər yağlı ət olmalıdır. Tam yağsız ətlə hazırlanan küftə quru və dadsız alına bilər. Təxminən qiymənin dörddəbir hissəsinin yağlı olması yeməyə xüsusi şirəlilik verir.
Digər vacib məqam isə çörək əlavəsidir. Bir çoxları çörəyin yalnız kotlet üçün lazım olduğunu düşünsə də, küftədə də bu üsul yaxşı nəticə verir. Əvvəlcədən süddə və ya suda isladılmış çörək qiyməyə əlavə edildikdə küftə daha yumşaq və həcmli alınır.
Mətbəx ustaları soğanın da vacib rol oynadığını bildirirlər. Xırda doğranmış və ya qiymə ilə birlikdə çəkilmiş soğan yeməyə əlavə şirə verir. Bundan başqa, az miqdarda suxarı əlavə etmək küftənin formasını yaxşı saxlamasına və daha vahid tekstura əldə olunmasına kömək edir.






