Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğunu bildirirlər.
Yaz mövsümündə orqanizmin immunitetini güclü saxlamaq üçün balanslı və vitaminlərlə zəngin qidalanma vacibdir.
Mövsümi dəyişikliklər zamanı orqanizmdə yorğunluq, halsızlıq və diqqət problemləri yarana bilər. Bu halların qarşısını almaq üçün antioksidantlarla zəngin qidaların qəbulu tövsiyə olunur. Portağal, naringi, limon və təzə tərəvəzlər immun sistemini dəstəkləyir.
Eyni zamanda, balıq, kətan toxumu və qoz kimi omeqa-3 mənbələri diqqəti artırmağa və yorğunluğu azaltmağa kömək edir. Brüssel kələmi, kök, avokado, yumurta, fındıq və badam da gündəlik qidalanmaya əlavə oluna bilər.
Mütəxəssislər şəkərli desertlər, ağ çörək, tort və peçenye kimi sadə karbohidratların enerji səviyyəsini müvəqqəti artırsa da, daha sonra sürətli enişə səbəb olduğunu bildirir.
Omeqa-3 tərkibli qidalar həm enerji verir, həm də yuxu keyfiyyətini yaxşılaşdırır. Yatmazdan 1–2 saat əvvəl qoz, badam və fındıq kimi yüngül qidaların qəbulu daha rahat yuxuya kömək edə bilər. Kefir və qatıq da həzmi asanlaşdıraraq orqanizmin istirahətini dəstəkləyir (“Qafqazinfo”)






