Ofisdə tez-tez peçenye, konfet və digər şirniyyatlarla qəlyanaltı etmək sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bu cür qidalanma bəzən hətta fastfuddan da daha zərərli olur.
Foodinfo.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, bu barədə neyroqastroenteroloq Andrey Simakov danışıb.
Həkimin sözlərinə görə, əsas problem yalnız kaloridə deyil, qidalanma rejiminin pozulmasındadır. İnsan gün ərzində normal yemək əvəzinə tez-tez xırda qəlyanaltılar etdikdə tam doymur və qısa müddət sonra yenidən aclıq hiss edir.
Mütəxəssis qeyd edib ki, ofisdə uzun müddət oturaq həyat tərzi onsuz da qəbizlik riskini artırır. Bunun üzərinə quru qidalar, peçenye və şokolad əlavə olunduqda isə köp, ağırlıq hissi və həzm problemləri yarana bilər.
Həkim gün ərzində normal nahar etməyin və balanslı qidalanmanın vacibliyini vurğulayıb.






