Yay aylarında sərin və dadlı desertlərə maraq artır. Ev şəraitində hazırlanan dondurma isə həm daha təbii, həm də daha ləzzətli alternativ hesab olunur. Üstəlik, bu resept üçün cəmi üç ərzaq kifayətdir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, sadə vanilli dondurma hazırlamaq üçün 200 qram qatılaşdırılmış süd, 600 millilitr 33 faizli qaymaq və 1 çay qaşığı vanil ekstraktı lazımdır.

Hazırlanma qaydasına görə, bütün ərzaqlar dərin qabda birləşdirilir və mikser vasitəsilə kütlə qalınlaşıb sərt köpük halına gələnədək çalınır. Daha sonra hazır qarışıq dondurma qəliblərinə və ya adi karton stəkanlara tökülür.

Desertin tam hazır olması üçün onu 3-5 saat ərzində dondurucuda saxlamaq kifayətdir. Bu müddətdən sonra ev üsulu ilə hazırlanmış yumşaq və kremli dondurma əldə edilir.

Mətbəx üzrə xarici mütəxəssislər bildirirlər ki, resepti fərqli dadlarla da zənginləşdirmək mümkündür. Məsələn, əridilmiş şokolada batırılan dondurma klassik vanilli plombirə bənzər xüsusi dad qazanır. Bunun üçün şokoladı su hamamında əridib dondurmanı içinə salmaq və yenidən qısa müddətlik dondurucuya yerləşdirmək tövsiyə olunur.

Qısa zamanda hazırlanan bu desert həm uşaqlar, həm də böyüklər üçün yay süfrələrinin sevilən təamlarından biri ola bilər.