Özünüzü ac qoymadan çəki azaltmağın mümkün olduğu üç əsas qidalanma prinsipi müəyyən edilib. Foodinfo.az bildirir ki, bu barədə dietoloq və sağlam qidalanma üzrə ekspert Tatyana Meşçeryakova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, birinci və ən vacib prinsip balanslaşdırılmış qidalanmadır. O bildirib ki, kalori azaldıb qida qruplarını tamamilə çıxarmaqdansa, zülal, yağ və karbohidrat nisbətini düzgün qurmaq lazımdır. İkinci prinsip isə yemək saatlarının nizamlı olmasıdır. Kiçik porsiyalarla və gün ərzində 4-5 dəfə qidalanmaq maddələr mübadiləsini sürətləndirir və iştahanı nəzarətdə saxlamağa kömək edir.

Bu cür qidalanma qan şəkərində kəskin dəyişmələrin də qarşısını alır. Üçüncü prinsip şüurlu yemək vərdişidir. Mütəxəssis qeyd edib ki, çox zaman insanlar aclıqdan yox, stress və ya darıxmaqdan yeyir. Diqqətli və tələsmədən yemək, dadın və porsiyanın fərqində olmaq artıq çəkinin qarşısını almaqda mühüm rol oynayır. Dietoloq əlavə edib ki, televizor və telefondan uzaqlaşıb, yalnız yeməyə fokuslanmaq iştaha və yediyiniz miqdara ciddi təsir edir.