Xiyar həm təravətləndirici, həm də az kalorili bir tərəvəz olduğu üçün yay aylarında süfrələrin əvəzolunmaz qonağına çevrilir. Lakin bir çox insanın ortaq problemi var: xiyar çox tez xarab olur. Bəs bunun arxasında hansı səbəblər dayanır?

Foodinfo.az bu səbəbləri təqdim edir:

1. Yüksək su tərkibi

Xiyarın təxminən 95-97%-i sudur. Bu da onun tez nəm çəkməsinə və xarab olmasına səbəb olur. Su bolluğu mikroorqanizmlərin (xüsusilə bakteriya və kif göbələklərinin) çoxalması üçün ideal mühit yaradır.

2. Məhsulun zədələnməsi və çatların yaranması

Xiyarın qabığı zədələndikdə və ya üzərində kiçik çatlar olduqda, bu nahiyələrdən mikroblar içəri daxil olur. Bu da çürüməni sürətləndirir. Market və ya bazardan alınan xiyarların diqqətlə seçilməməsi bu riski artırır.

3. Yanlış saxlama temperaturu

Soyuqsevər tərəvəz kimi görünsə də, əslində çox aşağı temperaturda (0-5°C arası) saxlandıqda içəridə yumşalma, qaralma və dad dəyişməsi baş verir. Bu hal "soyuq zədələnməsi" adlanır və məhsulun tez xarab olmasına yol açır.

4. Rütubətli mühit

Soyuducuda və ya bağlamada çox rütubət olduqda xiyarın ətrafında kondensasiya yaranır. Bu da mikrobların daha sürətlə çoxalmasına səbəb olur. Xüsusilə plastik paketlərdə saxlanılan xiyarlarda bu problem tez-tez müşahidə olunur.

5. Digər meyvə-tərəvəzlərlə birlikdə saxlanılması

Bəzi meyvə və tərəvəzlər, məsələn pomidor, banan və alma etilen qazı ifraz edir. Bu qaz xiyarın bioloji yetişmə prosesini sürətləndirir və nəticədə tez yumşalaraq xarab olur.

Xiyarın daha uzunömürlü olması üçün nə etmək lazımdır?

- Zədəsiz və sərt xiyarı seçin.

- Plastik torbalarda saxlamayın, hava keçiren kağız dəsmallardan istifadə edin.

- Soyuducunun tərəvəz bölməsində saxlayın, amma çox soyuqda deyil (təxminən 10-12°C idealdır).

- Pomidor və meyvələrdən uzaq yerdə saxlayın.

- İstifadədən əvvəl yox, istifadəyə yaxın vaxtda yuyun. Yuyulmuş xiyar daha tez nəm çək

ir və çürüyür.