
Qəhvə səhərlər ayılmaq üçün geniş istifadə olunsa da, onun nə vaxt içilməsinin daha faydalı olduğu ilə bağlı səhvlər geniş yayılıb. Foodinfo.az xəbər verir ki, Rusiyanın Mərkəzi Klinik Xəstəxanasının endokrinoloqu və somnoloqu Dariya Lebedeva bildirir ki, ideal kofe vaxtı – yuxudan oyandıqdan təxminən iki saat sonradır.
Həkimin sözlərinə görə, oyanandan dərhal sonra kofe içmək bədənin kortizol səviyyəsini süni şəkildə dəyişdirə və orqanizmin təbii oyanma ritmini poza bilər. Kortizol – səhər saatlarında yüksək olan və bədəni oyatmağa kömək edən hormondur. Onun təbii azalmasından sonra kofe daha effektiv təsir göstərir.
Lebedeva vurğulayır ki, kofeinə reaksiyalar fərqlidir: bəzi insanlarda enerji və ayıqlıq hissi yaradır, digərlərində isə əksinə, ürək döyüntüsü, əsmə və hətta yuxululuq müşahidə oluna bilər. Bu fərq genetik xüsusiyyətlərlə – kofeinin bədəndə parçalanma sürəti ilə bağlıdır. Bəzilərdə bu proses iki saat, digərlərində isə on iki saata qədər çəkə bilər.
Həkim əlavə edir ki, günorta saatlarından sonra – xüsusən də saat 14:00-dan sonra kofe içmək yuxu ritmini poza bilər. Hətta bir fincan belə olsa, axşam yuxuya getmək çətinləşə bilər.
Lebedeva kofenin düzgün miqdarda qəbul edildikdə zərərli olmadığını bildirir. Əksinə, bu içki konsentrasiyanı, əhvalı və fiziki dözümlülüyü artırmağa kömək edə bilər. Amma gündə beş–altı fincan içmək artıq narahatlıq, baş ağrısı və yuxusuzluq kimi problemlərə səbəb ola bilər.
Əgər kofe bədən üçün bir “dayaq” halını alıbsa və olmadan günə başlamaq mümkün deyilsə, bu, artıq yuxu keyfiyyətində ciddi problem olduğunu göstərir. Belə halda kofenin miqdarını azaltmaq və bədənin təbii istirahət rejimini bərpa etmək tövsiyə olunur.