Tünd şokoladın faydaları ilə bağlı yeni açıqlama verilib. Foodinfo.az bildirir ki, kardioloq və tibb elmləri namizədi Olqa Molçanova qara şokoladın ürək-damar sisteminə müsbət təsir göstərə biləcəyini deyib.

Mütəxəssis kp.ru saytına müsahibəsində vurğulayıb ki, şokoladı düzgün seçmək və həddindən artıq istehlak etməmək vacibdir. Onun sözlərinə görə, tünd şokolad və kakao paxlası damarların endotelinə müalicəvi təsir edir.

Molçanova əlavə edib ki, Çin alimlərinin son araşdırması da bu təsirin real nəticələr verdiyini təsdiqləyib. Sağlam və elastik damarlar isə qan dövranının normal işləməsi və uzunömürlülük üçün mühüm rol oynayır.

Ekspert qeyd edib ki, damarların daralması və iltihabı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Şəkərli diabet, artıq çəki və xroniki xəstəlikləri olan şəxslərə isə qara şokoladın miqdarına xüsusi diqqət yetirmək tövsiyə olunur.

Molçanova normaya riayət etməyin vacibliyini vurğulayıb və gündə maksimum 6 qramdan çox qara şokolad qəbul etməməyi məsləhət görüb.

Mənbə: kp.ru