Qidalanma üzrə mütəxəssislər orqanizmi C vitamini və digər faydalı maddələrlə təmin etmək üçün gündə üç ədədə qədər mandarin istehlak etməyi tövsiyə edirlər. Bu meyvənin yalnız özü deyil, qabığı da sağlamlıq üçün dəyərli hesab olunur. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, mütəxəssislər mandarin qabığını atmaq əvəzinə ondan faydalanmağı məsləhət görürlər.
Belə ki, mandarin qabığı müxtəlif içkilərə əlavə oluna, xırda üyüdülmüş halda kəsmikli desertlər və un məmulatları üçün ideal qatqı kimi istifadə edilə bilər. Bundan başqa, qabıqdan dadlı çərəzlər və şərbət də hazırlamaq mümkündür.
Professor Vera Kodentsovanın sözlərinə görə, 100 qram mandarin qabığında 136 mq C vitamini, 161 mq kalsium, həmçinin kalium, maqnezium və təxminən 30 faiz pektin mövcuddur. Qabığın altındakı ağ təbəqə və qabığın özündə antioksidant xüsusiyyətlərə malik flavonoidlər yer alır. Eyni zamanda, mandarin qabığı efir yağları ilə də zəngindir.
Mütəxəssislər qeyd edirlər ki, mandarin qabığının tərkibi onun orqanizmə müsbət təsir göstərdiyini deməyə əsas verir.
Ekspertin vurğuladığı əsas faydalar bunlardır:
— İmmunitetin möhkəmlənməsi – yüksək C vitamini hesabına orqanizmin müdafiə qabiliyyəti artır;
— Həzm sisteminə dəstək – qida lifləri mədə-bağırsaq traktının normal fəaliyyətini təmin edir;
— Ürək və damar sağlamlığı – kalium və maqnezium ürək-damar sisteminə müsbət təsir göstərir;
— İltihabın azalması və ümumi vəziyyətin yaxşılaşması – C vitamini və flavonoidlər sayəsində iltihabi proseslər zəifləyir.






