
Albalının həddindən artıq istifadəsi orqanizmdə xoşagəlməz hallara səbəb ola bilər. Foodinfo.az bildirir ki, bu barədə həkim-immunoloq İrina Yartseva “RT” telekanalına verdiyi açıqlamada xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, əgər insan uzun müddət ac qaldıqdan sonra birdən-birə çox miqdarda meyvə, xüsusilə də albalı yeyərsə, mədə fermentləri buna hazır olmaya bilər. Bu isə şişkinlik, qaz və həzm sistemində fermentasiya proseslərinə səbəb olur.
Yartseva vurğulayıb ki, belə mənfi nəticələrin qarşısını almaq üçün giləmeyvələri kiçik porsiyalarla qəbul etmək və onları yeməzdən əvvəl yaxşıca yumaq vacibdir.
Həkim əlavə edib ki, meyvə və tərəvəzləri ilin bütün fəsillərində tədricən qəbul etməyə vərdiş edən insanlarda bu cür həssas reaksiyalar daha az müşahidə olunur.
Bundan başqa, o, albalının xüsusilə ağcaqayın poleninə allergiyası olan şəxslər üçün riskli ola biləcəyini də xatırladıb. Belə şəxslər daş meyvələrə qarşı çarpaz allergik reaksiya verə bilərlər.
Mənbə: RT