Evdə hazırlanan zefir həm daha təbii tərkibi, həm də zərif dadı ilə şirniyyat sevənlərin diqqətini cəlb edir. Foodinfo.az bildirir ki, alma əsasında hazırlanan bu desert əlavə konservantlardan istifadə edilmədən əldə olunur və çay süfrələri üçün maraqlı seçim sayılır.
Resept üçün 4 ədəd təzə alma, bir çimdik darçın və vanilin, 725 qram şəkər, 1 yumurta ağı, 8 qram aqra-aqra və 160 millilitr su tələb olunur. Mütəxəssislərin sözlərinə görə, zefirin uğurlu alınmasında alma püresinin keyfiyyəti və aqra-aqranın düzgün hazırlanması mühüm rol oynayır.
Hazırlanma zamanı almalar qabıqdan təmizlənərək dilimlənir və sobada və ya mikrodalğalı sobada yumşalana qədər bişirilir. Daha sonra onlar püre halına gətirilir. Alınan püreyə vanilin, darçın və şəkərin bir hissəsi əlavə edilərək qarışdırılır və soyumağa qoyulur. Bu müddətdə aqra-aqra su ilə qarışdırılıb təxminən 10 dəqiqə saxlanılır.
Soyumuş alma püresinə əvvəlcə yumurta ağının yarısı əlavə olunaraq mikserlə çalınır. Daha sonra qalan yumurta ağı da qatılır və qarışıq açıq rəng alana, həcmi artana qədər çalınmağa davam edilir. Ayrı qabda aqra-aqra zəif odda tam həll olunana qədər qızdırılır və nazik axınla püre qarışığına əlavə edilir.
Kütlə qatı və sabit konsistensiya əldə edənədək çalındıqdan sonra kulinariya torbasına doldurulur. Hazırlanan zefirlər perqament kağızı üzərinə sıxılır və otaq temperaturunda bir gecə saxlanılır. Nəticədə yumşaq, ətirli və ev şəraitində hazırlanmış təbii zefir əldə edilir. Bu desert həm uşaqlar, həm də böyüklər üçün çay süfrəsinin ləzzətli əlavəsi ola bilər.






