Effektiv bişirmə prosesi qida zəhərlənməsinə səbəb olan bakteriyaları zərərsizləşdirir. Buna görə də yeməklərin adekvat bişirilməsinə diqqət yetirmək son dərəcə vacibdir.

Foodinfo.az bildirir ki, bişirmə zamanı uyğun üsulun seçilməsi istehlak keyfiyyətinin yüksəldilməsi və iqtisadi baxımdan vacibdir. Yeməklərin bişirilməsinin əsas səbəbləri həzmini və istehlakını asanlaşdırmaq, dadını artırmaq, dad, tekstura və rəng baxımından daha cəlbedici etmək, mikroorqanizmlərin təsirinin qarşısını almaqdır. Qida məhsullarının təhlükəsizliyi qidanın daxili temperaturunun kifayət qədər yüksəkliyə qalxması ilə təmin edilir və bu yolla qidada mövcud olan təhlükəli patogen (xəstəlik törədən) bakteriyaların məhv edilməsi təmin edilir. 

Ətin növünə və birləşdirici toxuma tərkibinə görə tətbiq edilən bişirmə üsulu ətin dadını artırır. Ümumiyyətlə, birləşdirici toxuması daha çox olan ətləri sulu, az birləşdirici toxuma olanları isə quru bişirmək lazımdır. Quru istidə bişmiş ətdə temperatur yüksəldikcə su itkisi artır və quruyur. Quruluğun qarşısını almaq və tam bişməsini təmin etmək üçün ətin içindəki temperatur ən azı 75°C-ə çatana qədər temperaturda yaxşıca bişirilməlidir.

Ət manqalda bişirilərkən ətlə odun arasındakı məsafə (ən azı 25 sm.) tənzimlənməlidir ki, əti yandırmasın və kömürləşməsinə səbəb olmasın. Əks halda kanserogen maddələr əmələ gələ bilər.

Eyni səbəbdən ət çox yüksək temperaturda uzun müddət bişirilməməlidir.