Nar payızın əvəzedilməz meyvələrindən biridir. Quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilməsi üçün ideal məkan olsa da, Azərbaycanın, demək olar ki, bütün regionlarında yetişdirilir. Lakin yunanlar üçün zülmət, çinlilər üçün isə məhsuldarlıq rəmzi olan nar, bu gün Azərbaycanda kommersiya baxımından, demək olar ki, mühüm rol oynamır. “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin yaydığı məlumata görə, bu il də nar bağlarından bol məhsul yığılsa da, fermerlər onun satışında çətinlik çəkir. Nar istehsalçıları məhsullarını xarici bazarlarda satmağa çalışsa da, ixracda da ciddi problemlər var. Nar ixracındakı çətinliklər fermerləri hələ ki, daxili bazara yönəldib. Amma burada da qiymətlər istehsalçıları qane etmir. ABŞ-da bir ədədi 5 dollara təklif edilən narın Azərbaycan bazarında bir kiloqramı 0,5-2 manata satılır. Bazara çıxarılana qədər çəkilən xərcləri də nəzərə alsaq, deyə bilərik ki, bu məhsul fermerlərdən satıldığı qiymətdən qat-qat aşağı alınır. Amma bu gün Avropada, Amerikada, Yaxın Şərqdə, hətta bəzi Afrika ölkələrində narın kilosu 2-3 avrodan aşağı deyil. Məsələn, İsrailin avropa ilə ixrac etdiyi hər 3,5 kq “Wonderful” nar çeşidi Avropa bazarında 6-7 avroya satılır. Nigeriyanın marketlərində isə narın kiloqramı 4-5 min Nigeriya nayrosuna, yəni təqribən 11-14 dollara müştərilərə təqdim olunur. Narın müxtəlif iqlim və torpaq şəraitinə uyğunlaşması, çoxalmasının asan olması, vahid sahədən yüksək məhsul verməsi və erkən bar verməsi kimi xüsusiyyətləri olsa da, bu məhsulun üstünlüklərindən hələ də yararlana bilmirik. Bəs necə etmək olar ki, Azərbaycan narı strateji məhsula çevrilsin? Foodinfo.az xəbər verir ki, Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Publika.az-a bildirib ki, buna səbəb Azərbaycanda əhalinin alıcılıq qabiliyyətinin çox aşağı olmasıdır: “Ölkədə çoxlu nar istehsal edilmir. Əgər alıcılıq qabiliyyətimiz yüksəlsə, daha çox elə bizim tələbatımızı ödəyər. Niyə ABŞ-da amerikalılar narın bir ədədini 5 dollara alıb istehlak edirlər, azərbaycanlılar yox?! Hətta bu gün narın qiyməti aşağıdır, amma insanlar yenə də ala bilmirlər. Bəzi insanların gündəlik qida rasionuna əməl etməsi üçün maliyyə resursu çatışmır. Çalışmalıyıq ki, birinci növbədə öz istehlakımızı təmin edək. Belə olan halda, dayanıqlı olacaq. Əgər bizim özümüzün ölkə daxilində müştərilərimiz olarsa, istehsal etdiyimiz nar da kifayət edər. Alıcılıq qabiliyyətinin aşağı olması təkcə narla bağlı deyil, ötən illə müqayisədə digər meyvələrin satışında da problemlər var”. Ekspert qeyd edib ki, məhsulu xaricə, xüsusilə də Avropa bazarına ixrac etmək istəyiriksə, bunun üçün çox iş görmək lazımdır: “Nar istehsalçısının biznesi o qədər gəlirli olmalıdır ki, daha keyfiyyətli nar istehsal etsin. Aqrotexniki qaydalara vaxtı-vaxtında əməl edə, gübrə ala, zərərvericilərə, xəstəliklərə qarşı mübarizə tədbirlərini apara bilsin və s. Bu o vaxt olacaq ki, onun əlində imkanı olsun. Bunu hökumət etmir, fermer də öz-özünə haradansa maliyyə resursu əldə edə bilməz. Bu sahədə problem çoxdur. Əsas odur ki, sahə gəlirli olsun. Gəlirli etmək üçün ilk növbədə ölkə daxilində fermerin məhsulu alınmalıdır ki, gəlirləri artsın, biznesini genişləndirsin və keyfiyyətli məhsul istehsal etsin. Sonra isə məhsulu yaxşı qablaşdırıb xaricə ixrac edə bilsin. Bu isə o qədər də asan deyil. Məhsulun keyfiyyətini artırmaq əlavə kapital tələb edir. Fermerdə isə bu yoxdur”. V.Məhərrəmov hesab edir ki, daha çox nar bağlarının salınması üçün subsidiya verilsə belə, bu, problemi həll etməyəcək: “Əsas məsələ fermerin məhsulunun alınmasıdır. Onun Azərbaycanda daimi alıcısı olmalıdır. Əhalimizin alıcılıq qabiliyyəti isə aşağıdır. Alınmayanda, kəndlinin məhsulu qalıb xarab olur. Bütün bunlar bir-biri ilə bağlıdır. Əgər onun məhsulu daxili bazarda alınmayacaqsa, xarici bazara ixrac edib daha çox gəlir əldə edəcəyini düşünürsə, bu, düzgün deyil. Əvvəlcə çalışmalıyıq ki, onun məhsulu daxildə tələbatlı olsun. Bundan sonra Çinə də, Avropa ölkələrində də ixrac edə bilər. Bu il nar ixracımız keçən illə müqayisədə xeyli aşağı düşüb. Deməli, xaricdə də bizim məhsullar alınmır. Belə olan halda, istehsal azalacaq, daxildə isə qiymət artacaq. Hökumət əhalinin alıcılıq qabiliyyətinin artırılmasına hədəflənməlidir”.