Yumurta ən qidalı məhsullardan biri hesab olunur və onun tərkibində orqanizm üçün vacib olan bir çox maddə mövcuddur. Lakin mütəxəssislər bildirirlər ki, yumurtanın faydası birbaşa onun necə hazırlandığından asılıdır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq L. Sötterin sözlərinə görə, düzgün istilik emalı zamanı yumurtadakı dəyərli maddələr qorunur, yanlış bişirmə isə onların bir hissəsinin itməsinə səbəb ola bilər.
Mütəxəssislərin ən çox tövsiyə etdiyi üsullardan biri klassik qaynatmadır. Xüsusilə 4–6 dəqiqə ərzində az bişmiş halda qaynadılan yumurtada beyin fəaliyyəti və görmə üçün vacib olan xolin və lutein maddələri yaxşı qorunur. Bərk bişirilmiş yumurtalarda isə zülalın mənimsənilməsi daha yüksək olur və orqanizm onu təxminən 91 faiz səviyyəsində qəbul edə bilir. Bununla yanaşı, dietoloqlar yumurtanı 14 dəqiqədən artıq qaynatmağı məsləhət görmürlər, çünki bu halda A və D vitaminlərinin itkisi baş verir.
Yumurta paşot da faydalılığına görə qaynadılmış yumurtaya yaxın hesab olunur. Bu üsul zamanı yağdan istifadə olunmur və hazırlama prosesi qısa çəkir. Lakin zülal kifayət qədər bişmədikdə onun mənimsənilməsi zəifləyə bilər. Bundan başqa, paşot hazırlanarkən duzdan tez-tez istifadə edilməsi yeməyin ümumi faydasını bir qədər azalda bilər.
Dietoloqlar “kokot” üsulunu da uğurlu seçim kimi qiymətləndirirlər. Bu zaman yumurta yumşaq sarı vəziyyətinə qədər bişirilir və həm qidalı maddələr, həm də məhsulun zərif quruluşu qorunur.
Sobada bişirmə üsulu da müsbət qiymətləndirilir. Bu üsul zülalın və əsas faydalı maddələrin saxlanmasına imkan verir. Yumurtaya tərəvəz və ya paxlalılar əlavə edildikdə isə yeməyin lif tərkibi artır və o, daha balanslı qida halına gəlir.
Skrembl yumurta yalnız aşağı temperaturda, az miqdarda yağ və az süd əlavə etməklə hazırlandıqda faydalı hesab olunur. Əks halda, qaymaq və çox yağ istifadə edildikdə doymuş yağların miqdarı xeyli artır.
Mütəxəssislər qızardılmış yumurtanı isə daha az tövsiyə edirlər. Yüksək temperatur yağların və xolesterinin oksidləşməsinə səbəb olur. Bununla belə, “göz yumurta” nisbətən daha qənaətcil üsul sayılır, çünki sarı hissə güclü istiliyə daha az məruz qalır. Bu cür yumurta təxminən 10 qram yağ ehtiva edir və kalorililiyinə görə əsasən skrembldən geri qalır.






