Müntəzəm olaraq çiy badam istehlakı həm arıqlamağa, həm də ürək-damar sağlamlığını qorumağa kömək edə bilər. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Harvard Tibb Məktəbinin qidalanma üzrə mütəxəssisi Dr. Lisa Young “Healthline” saytına bildirib ki, badam yüksək miqdarda lif və faydalı yağlar ehtiva etdiyi üçün toxluq hissini artırır. Bu isə həddindən artıq yeməyin qarşısını alaraq çəkiyə nəzarətdə müsbət rol oynayır.

Mütəxəssis əlavə edib ki, çiy badam həmçinin E vitamini ilə zəngindir və bu antioksidant ürək-damar sistemini sərbəst radikallardan qoruyur. Hər gün bir ovuc badam yemək qan təzyiqini tənzimləyə və pis xolesterini azaltmağa kömək edə bilər. Eyni zamanda, araşdırmalar göstərir ki, badam qan şəkərinin səviyyəsini sabit saxlamağa yardım edir. Bu baxımdan, badam sağlam qidalanma rejiminin ləzzətli və faydalı bir hissəsi ola bilər.