Dondurma altı aylıq uşaqların rasionuna daxil edilə bilər, lakin bəzi mühüm şərtlərlə. Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Uşaq Klinik Xəstəxanasının pediatrı İvan Kuznetsov “Gazeta.Ru”ya danışıb. Onun sözlərinə görə, bu məhsul uşaqlara yalnız tədricən, diqqətlə və allergik reaksiyalara nəzarət olunmaqla verilməlidir.

Həkim bildirir ki, dondurmanı uşağın pəhrizinə əlavə etməzdən əvvəl onun sağlamlıq vəziyyəti, xroniki xəstəlikləri və xüsusi pəhriz məhdudiyyətləri nəzərə alınmalıdır. Belə hallarda valideynlərin pediatrlə əvvəlcədən məsləhətləşməsi tövsiyə olunur.

Kuznetsov xüsusilə vurğulayıb ki, dondurma gündəlik qida deyil, sadəcə dadlı əlavə və nadir hallarda verilən ləzzət kimi qalmalıdır. Ekspertin fikrincə, məktəbəqədər yaşlı uşaqlar üçün optimal dondurma miqdarı həftədə bir-iki dəfə 50–70 qramı keçməməlidir. Daha böyük yaş qruplarında isə bu miqdar həftədə iki-üç dəfə 100 qramadək artırıla bilər.

Bununla yanaşı, hər hansı allergik əlamətlərin (səpki, qarın ağrısı, ishal və s.) yaranması halında məhsul dərhal rasiondan çıxarılmalı və həkimə müraciət edilməlidir.

Pediatrın tövsiyəsinə görə, valideynlər uşaqlar üçün mümkün qədər təbii tərkibli və şəkəri az olan dondurma növlərini seçməlidirlər.