
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində 17 may — Ümumdünya Halal Standartları Günü ilə əlaqədar heyvan mənşəli məhsulların emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sədr müavini Elxan Əhmədov sahibkarlıq subyektlərinin nümayəndələrinə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan xidmətlərin sahibkarlara qazandırdığı üstünlüklərdən bəhs edib.
AQTİ sədrinin müşaviri Hüseyn Məmmədov sahibkarlara təhlükəsiz və beynəlxalq standartlara uyğun qida istehsalı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra AQTİ tərəfindən təklif olunan xidmətlərlə bağlı təqdimat olunub. Bildirilib ki, AQTİ tərəfindən 4 istiqamət üzrə “HALAL” uyğunluq sertifikatı təklif olunur. Sertifikatın etibatlılıq müddəti 3 ildir və beynəlxalq səviyyədə tanınır.
Qeyd olunub ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Bu da istehlakçı inamını artırmaqla yanaşı, satış imkanlarının artması və ixrac potensialının yaranması ilə nəticələnir. HACCP sisteminin tətbiqi qanunla tənzimlənir və müəssisələrdə bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul edilir.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.








