Yay ləzzəti kimi tanınan qarpızın satışda erkən görünməsi alıcıları çaşdıra bilər. Foodinfo.az bildirir ki, bioloq Vitali Napolov bu meyvələrin mövsümdənkənar istehlakının sağlamlıq üçün risklərindən danışıb.

RT-yə açıqlamasında o qeyd edib ki, qarpızın təbii yetişmə dövrü iyulun sonu və avqust ayıdır. Hazırda mağazalarda satılan məhsullar əsasən istixanalarda becərilir və onların böyüməsi üçün yüksək dozada gübrələr – xüsusilə azot tərkibli maddələrdən istifadə olunur.

Azot meyvələrdə yaşıl kütləni artırır, lakin qarpızlar bu elementi nitrat formasında toplaya bilir. Napolovun sözlərinə görə, may ayında satışda olan qarpızlarda nitratların miqdarı normadan artıq ola bilər.

“Bunları az miqdarda yemək olar, amma hər gün və ya çoxlu şəkildə istehlak etmək sağlamlıq üçün təhlükə yarada bilər”, – deyə o vurğulayıb. Bioloq bildirib ki, bu cür qarpızlar mədə pozğunluğu, qusma və intoksikasiyaya səbəb ola bilər.

Xüsusilə üç yaşına qədər uşaqlara qeyri-mövsümi qarpızların verilməsi yolverilməzdir. Çünki bu yaşda uşaqların orqanizmi nitratları parçalamaq üçün lazım olan fermentləri hələ istehsal etmir.

Mütəxəssis mövsüm gəlmədən qarpız almağı məsləhət görmür və vətəndaşları diqqətli olmağa çağırır.