Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək.

Foodinfo.az xəbər verir ki, monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq.

Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər.

Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq.