Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Ramada Plaza Gəncə” otelinin əməkdaşları üçün 4 gün davam edən HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim təşkil edilib.
Bu barədə Foodinfo.az-a AQTİ-dən məlumat verilib.
Təlim zamanı bildirilib ki, HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir. Bu sistem qida məhsullarının istehsalı və emalı proseslərində riskə əsaslanan yanaşmanı tətbiq etməklə mövcud təhlükələrin müəyyənləşdirilməsini, onların qiymətləndirilməsini və risklərə uyğun nəzarət tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edilib ki, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz obyektlərində HACCP prinsiplərinə əsaslanan prosedurları tətbiq etməli, həmçinin qida təhlükəsizliyinin təmin olunması məqsədilə daxili nəzarət sisteminə malik olmalıdırlar.
Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, əldə etdikləri bilik və bacarıqlar dəyərləndirilib.






