Müntəzəm olaraq mal əti qəbul etmək gənc qadınlarda yaddaşı, diqqəti və vizual məlumatların beyin tərəfindən emalı sürətini yaxşılaşdırmağa kömək edə bilər.

Texas A&M Universitetinin Qidalanma və Diyetologiya fakültəsinin tədqiqatçıları bu nəticəyə gəliblər. Elmi işin nəticələri "Frontiers in Nutrition" nəşrində dərc olunub.

Tədqiqatçılar qeyd edirlər ki, reproduktiv yaşda olan qadınlar arasında dəmir çatışmazlığı geniş yayılmış problem olaraq qalır. Bu element oksigenin daşınmasında, neyromediatorların sintezində və sinir sisteminin fəaliyyətinin dəstəklənməsində mühüm iştirak edir. Buna görə də dəmir çatışmazlığı koqnitiv funksiyalara mənfi təsir göstərə bilər.

Alimlər mal ətinin faydalarını belə izah edirlər:

"Mal əti dəmirin ən təsirli qida mənbələrindən biri hesab olunur, çünki onun tərkibində asan mənimsənilən formada dəmir var. Bundan əlavə, ətin tərkibində yaddaş və diqqətin qorunması ilə əlaqəli olan B12 vitamini, sink, xolin və kreatin kimi maddələr mövcuddur".

30 günlük tədqiqat çərçivəsində sağlam gənc qadınlardan ibarət bir qrup hər gün 85 qramlıq mal əti kotleti yeyib. Nəzarət qrupu isə oxşar makronutriyent miqdarına malik, lakin soya əsaslı tərəvəz kotletləri ilə qidalanıb.

İştirakçıların koqnitiv funksiyaları üçölçülü məkanda hərəkət edən obyektləri izləmək bacarığını ölçən "Neurotracker" testi vasitəsilə qiymətləndirilib. Təhlillər göstərib ki, mal əti yeyən iştirakçılar vizual-məkan qavrayışında və məlumatların emalı sürətində nəzərəçarpacaq irəliləyiş nümayiş etdiriblər.

Maraqlıdır ki, koqnitiv göstəricilərin yaxşılaşması qanında dəmir səviyyəsi əhəmiyyətli dərəcədə dəyişməyən iştirakçılarda da müşahidə olunub. Bu, müsbət təsirin yalnız dəmirlə deyil, həm də mal ətinin tərkibindəki digər qida maddələrinin kompleksi ilə əlaqədar ola biləcəyini göstərir.

Müəlliflər qeyd edirlər ki, ən kəskin irəliləyişlər əvvəlcədən dəmir səviyyəsi aşağı olan qadınlarda qeydə alınıb. Lakin nəticələri tam təsdiqləmək üçün daha uzunmüddətli və ciddi nəzarət edilən araşdırmalara ehtiyac var (oxu.az)