Qida subyektləri ilkin istehsal və bununla əlaqəli fəaliyyətlər zamanı ilkin istehsal məhsullarının çirklənməsinə səbəb ola bilən təhlükələrə nəzarətlə bağlı bütün hallarda çirklənmənin qarşısının alınması üçün məişət (təsərrüfat)-içməli su istifadə etməlidir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a 1 nömrəli əlavədə (“İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”) bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağı və ya oxşar avadanlıqlar müvafiq qaydada axar isti və soyuq içməli su ilə təmin olunmalı, təmiz saxlanmalı və dezinfeksiya edilməlidir. Eyni zamanda emal sahələri və iş yerləri yetərli miqdarda axar isti və soyuq məişət (təsərrüfat)-içməli su ilə təchiz olunmalıdır. Qida məhsullarının çirklənməsinin qarşısının alınması məqsədilə qida obyektləri, hər zaman istifadəyə hazır yetərli miqdarda axar məişət (təsərrüfat)-içməli su təminatı və tullantı suların kənarlaşdırılması (kanalizasiya-drenaj) sistemləri ilə də təchiz olunmalıdır. Yanğına qarşı, buxar hazırlanması, soyutma və digər texniki məqsədlər üçün içməli olmayan su istifadə edildiyi hallarda isə bu suyun müvafiq şəkildə müəyyən olunmuş ayrı bir sistemdə dövr etdirilməsi və içməli su sistemi ilə hər hansı əlaqəsi və ya içməli su sisteminə qarışması yolverilməzdir. Eləcə də qida məhsullarının emalı prosesində və ya qida məhsulunun komponenti kimi istifadə olunan su çirklənmə riski yaratmamalıdır. Bu su yalnız qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və içməli suyun keyfiyyət parametrlərinə uyğunluğu və son məhsulun təhlükəsizliyinə mənfi təsir etmədiyi halda istifadə edilir. Qida məhsulları ilə təmasda olan buz içməli sudan hazırlanmalı, həmçinin bütöv halda olan balıqçılıq məhsullarının soyudulması zamanı məişət (təsərrüfat) və ya içməli sudan hazırlanan buzdan istifadə olunmalıdır. 

Qeyd edək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, məişət (təsərrüfat)-içməli su yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan sudur.