
Erkən satışa çıxarılan qarpız və qovunlar sağlamlıq üçün təhlükə yarada bilər. Foodinfo.az bildirir ki, bu barədə Rusiyanın “SM-Clinic” tibb mərkəzinin qastroenteroloqu Lyudmila Sosnina Qazeta.Ru-ya açıqlamasında danışıb. Onun sözlərinə görə, bu məhsulların tərkibində tez böyümə və süni yetişmə üçün istifadə olunan kimyəvi maddələr və nitrat gübrələri ola bilər.
Sosnina bildirib ki, qarpız mövsümü adətən avqust ayında başlayır. Bu tarixədək satışda olan bostan məhsullarının əksəriyyəti ya süni yetişdirilir, ya da xaricdən, əsasən İran, Misir, BƏƏ və Tayland kimi isti ölkələrdən gətirilir. Mütəxəssis qeyd edir ki, bu məhsulların bəziləri tezləşdirilmiş texnologiyalarla becərildiyindən onların tərkibi sağlamlıq üçün risk daşıya bilər.
Ekspert vətəndaşlara tövsiyə edir ki, qarpız və qovunları yalnız onların təbii yetişmə dövründə alsınlar. Eyni zamanda, alış-veriş zamanı məhsulun mənşəyi və satıcının etibarlılığı da diqqətlə yoxlanmalıdır. “Hər tərəvəzin öz vaxtı var” deyimi təsadüfi yaranmayıb, – deyə həkim əlavə edib.
Sosnina xüsusilə uşaqlar, yaşlılar və mədə-bağırsaq xəstəliyi olan şəxslər üçün erkən bostan məhsullarının təhlükəli ola biləcəyini vurğulayıb.