Qida Təhlükəsizliyi Agentliyi (AQTA) meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdən ixrac olunan bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir.

AQTA-dan Foodinfo.az-a bildirilib ki, Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır. Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır.

Sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da, etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.