Baytarlıq aptekinin anbarında termolabil preparatların saxlanması üçün soyuducular, baytarlıq preparatlarının həcm və çəkisini ölçmək üçün vasitələr (tərəzi, bölgülü silindr, stəkanlar və s.), temperatur və rütubət kimi vacib mikroiqlim parametrlərini ölçmək üçün cihazlar (termometr, hiqrometr, psixrometr və s.) və sanitar-gigiyenik rejim, əməyin mühafizəsi və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin edən digər ləvazimatlar olmalıdır.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də bildirilir. Sənədə əsasən, baytarlıq aptekinin anbarının daxilində nisbi rütubət 50-65%, temperatur müsbət 2-15ºC səviyyəsində olmalıdır. Həmçinin ilin müxtəlif fəsillərində havanın temperatur və nəmlik rejimi nizamlanmalıdır. Baytarlıq aptekinin müdiri anbarda havanın temperatur və nisbi rütubət göstəricilərinə gündəlik nəzarət olunmasını təmin etməlidir. Hər bir soyuducu mövcud temperaturun izlənilməsi üçün termometrlərlə təchiz olunmalıdır.

 Baytarlıq aptekinin anbarında döşəmə, tavan və divarlar hamar səthli və açıq rəngdə olmaqla, yuyucu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı olmalıdır. Əl-üz yuyan və digər santexnika avadanlıqlarının quraşdırıldığı yerlərdə divarlar rütubətə davamlı materiallarla örtülməlidir. Asma tavanlar asan təmizlənən və dezinfeksiya edilə bilən materialdan hazırlanmalıdır. Baytarlıq preparatları və vasitələrinin, o cümlədən heyvanlara qulluq əşyalarının saxlanılması və qorunmasını təmin etmək üçün baytarlıq anbarları avadanlıq, mebel və rəflərlə təmin olunmalıdır. Avadanlıqlar, mebellər və digər ləvazimatlar yuyucu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallardan hazırlanmış gigiyenik örtüyə malik olmalıdır. Anbarda baytarlıq preparatlarının saxlanması bölməsində narkоtik vasitələr, psiхоtrоp maddələr və onların prekursorları, güclü təsiredici baytarlıq preparatlarının saxlanılması üçün xüsusi ayrılmış yer, seyf və ya qıfıllı dəmir dolablar təşkil olunmalıdır.

 Pərakəndə satış fəaliyyəti zamanı baytarlıq preparatlarının və vasitələrinin, o cümlədən heyvanlara qulluq əşyalarının qəbulu və saxlanması məqsədilə təşkil edilmiş anbarların qəbul, saxlanma və yükləmə bölmələri olmalıdır. Anbarda rəflər, stellajlar və dolablar quraşdırıldıqda divardan 0,6-0,7 m, tavandan 0,5 m, döşəmədən 0,25 m məsafələr gözlənilməlidir. Rəflər arasındakı məsafə 0,75 m olmaqla, işıqlanma üçün maneə yaratmamalıdır. Anbarın baytarlıq preparatlarının saxlanılması bölməsinə həmin baytarlıq aptekinin işçi heyətindən başqa kənar şəxslərin girişinə icazə verilmir. Anbar otaqlarında havanın temperaturu və rütubət göstəriciləri gündə ən azı bir dəfə qeydə alınmalıdır.

 Qeyd edək ki, heyvanlara qulluq əşyalarının və vasitələrinin, baytarlıq preparatlarının və vasitələrinin qəbulu və saxlanmasını təmin edən, avadanlıqlarla təchiz olunmuş baytarlıq apteklərinin daxilində və ya kənarında yerləşən sahə baytarlıq aptekinin anbarıdır.